Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия



Caspian World

Negus Expo

http://expomap.ru/

www.NAVIGATOR.az



Bu il öz 15 illik yubileyini qeyd edən “BIHE” – Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi öz işinə 13 oktyabr tarixində Heydər Əliyev adına İdman və Konsert Kompleksində başlayır. Beynəlxalq səviyyəli “BIHE” sərgisi, 15 il ərzində aktiv fəaliyyətinə görə, regionun “bir nömrəli səhiyyə sərgisi” adına layiqdir. Bu sərgi Azərbaycanda səhiyyənin ən yeni nailiyyətlərini və əsas tendensiyalarını nümayiş etdirməklə yanaşı, həm də sözügedən sektorun özünəməxsus “barometri” rolunu oynayır. 15 il ərzində bu sərgidə dünyanın 25 ölkəsinin 1200-dən yuxarı şirkəti iştirak etmişdir. Sərgidə iştirakın nəticəsi olaraq imzalanan müqavilələri, təsis edilmiş müştərək müəssisələri, bazarda yeni məhsulların və müasir texnologiyaların meydana çıxmasını göstərmək olar. Belə ki, 2006-cı ildə keçirilmiş sərginin debütantları - “Akgun Software” (Türkiyə), “Ozgenc Medikal Tekstil” (Türkiyə), “Himedia Laboratories” (Hindistan) şirkətləri Azərbaycanda öz rəsmi nümayəndəliklərini açmışlar. İlk dəfə “BIHE 2007” sərgisində iştirak etməklə, “Kurt & Kurt” (Türkiyə) şirkəti sərgidə yerli tərəfdaşlar ilə işgüzar əlaqələr qurmağa müvəffəq olmuşdur və belə misallar çoxdur. “BIHE” sərgisinin təcrübəsinə əsasən, sərgilər bazarda məhsul və xidmətlərin təşviqi üçün əsas alətlərdən biri sayılmaqla bərabər, cari mərhələdə hansı məhsul və xidmətlərə tələbatın olmasını anlamağa imkan yaradan özünəməxsus forum rolunu oynayır. Bununla da, sərgilər vasitəsi ilə ölkə bazarına yeni texnologiyalar yeridilir və yerli istehsalatın inkişaf etdirilməsi və təkmilləşdirilməsinə yardım göstərən investisiyalar qoyulur.

 

Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, eləcə də Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının dəstəyi ilə keçirilir. Artıq 3 ildir ki, “BIHE” sərgisi “UFI” – Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülüb. “UFI tərəfindən təqdir edilmişdir” nişanı – həm tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu, həm də sözügedən təşkilatın statistikasının etibarlılığını bir daha təsdiq edir.

 

Bu il sərgidə dünyanın 13 ölkəsinin 74 şirkəti iştirak edir. İştirakçıların 50%-ni xarici eksponentlər təşkil edir. İştirakçılar arasında “Vitta” (Azərbaycan), “Medifarma” (Azərbaycan), “Isomed” (Azərbaycan), “Aitecs” (Litva), “Akgun Software” (Türkiyə), “Belmedpreparati” (Belarus), “Heel” (Azərbaycan), “Kurt&Kurt” (Türkiyə), “Labservis” (Azərbaycan), “Med-tech” (Rusiya) kimi iri şirkətlərin və digərlərinin adını çəkmək olar. İlk dəfə sərgidə İranın milli stendi də iştirak edəcək. Sərgi ekspozisiyası ikinci pavilyonda yerləşəcək və bu bölmələri təqdim edəcəkdir: farmakologiya, tibb avadanlıqları, tibbi elektronika, aptek və tibb müəssisələri üçün mebel və avadanlıqlar, diaqnostika, gigiyena vasitələri, kosmetologiya, pəhriz və qida əlavələri və s. Ən geniş ekspozisiya tibb texnikasının ən son modellərini nümayiş etdirən tibbi və laboratoriya avadanlıqları bölməsidir. Burada reanimasiya blokları üçün avadanlıqlar, əməliyyat stolları, müasir USM (ultrasəs müayinəsi) - diaqnostika aparatları, müalicə trenajorları, lazer, fotoepilyasiya, terapiya aparatları və s. nümayiş etdirilir.

 

İlk dəfə “BIHE” sərgisi çərçivəsində sərgi təşkilatçıları Respublika Səhiyyə Nazirliyi və Mərkəzi Qan Bankı ilə  birgə olaraq “Qan verək və insan həyatını xilas edək” devizi altında xeyriyyə aksiyası keçirilir. Hər bir iştirakçıya və ziyarətçiyə birbaşa kompleksin ərazisində qan yığımı üzrə xüsusi avadanlıqlar ilə təchiz edilmiş məntəqədə, könüllü olaraq qan vermək təklif olunur. Donor olmaq istəyən hər kəs qanın rezusunu, hemoqlobinin səviyyəsini və qanın qrupunu müəyyən etmək üçün müayinədən keçəcəkdir. Aksiya sayəsində yığılmış qan bütün mümkün viruslara qarşı yoxlanıldıqdan sonra hemofiliya və talassemiya xəstəlikləri, eləcə də donor qanına ehtiyacı olan digər xəstəliklərin müalicəsi üçün istifadə ediləcəkdir.

 

“BIHE” sərgisi ilə paralel olaraq iki sərgi layihəsi – 4-cü Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisi və 3-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Təbabət Sərgisi keçirilir.

 

“Stomatology Azerbaijan” – 4-cü Azərbaycan Beynəlxalq Stomatologiya Sərgisində geniş çeşiddə ağız boşluğunun gigiyenası vasitələri, stomatologiya avadanlıqları və birdəfəlik istehlak materialları təqdim olunur. Sərgi iştirakçılarının sırasında “Vita Stom”, “Saf Med”, “Caspident” və digər şirkətlər var. Bu il sərgi ekspozisiyasının bir hissəsini stomatologiya sənayesinin yenilikləri təşkil edir. Bu avadanlıqların təqdimat mərasimləri ilə beynəlxalq səviyyəli şirkətlər yerli tərəfdaşların stendlərində çıxış edir. Sərginin təşkil olunmasına, ənənəvi olaraq “Azərbaycan Stomatologiya Assosiasiyası” tərəfindən dəstək verilir.

 

3-cü Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisinin ekspozisiyasını aşağıdakılar təşkil edir: peşəkar kosmetika, “solyarilər”, dərinin qaralması üçün kosmetika, “spa” salonları, estetik klinikalar və gözəllik salonları üçün avadanlıqlar, bədən quruluşunun korreksiya edilməsi üçün avadanlıqlar, dırnaqlar üçün  peşəkar qulluq vasitələri və dırnaqların gel vasitəsi ilə modelləşdirilməsi üçün peşəkar məhsullar, salonlar, tibb müəssisələri və otellər üçün birdəfəlik istifadə edilən məhsullar, peşəkar kosmetoloqlar üçün peşəkar dəriyə qulluq vasitələri, dəriyə qulluq üçün məhsullar, masaj yağları və s.  Sərgidə Azərbaycan, Rusiya, ABŞ və digər ölkələrdən şirkətlər iştirak edirlər. Bu il sərgidə ilk dəfə olaraq Azərbaycanda bitki və müalicəvi çaylar istehsal edən şirkət yeganə olaraq öz məhsullarını nümayiş etdirilir. İstehlakçılar, təqdim olunan məhsullarla təkmilləşdirmə kursları və nümunəvi çıxışlarda daha yaxından tanış ola bilərlər. Bununla da “Beauty Azerbaijan” sərgisi 3 gün ərzində gözəllik sahəsində əldə edilmiş ən son nailiyyətlər və dəbdə olan tendensiyalar haqqında ətraflı məlumat əldə etmək üçün əlverişli fürsət təqdim edir.

 

Səhiyyə sektoru ilə bağlı olan sərgilərin birgə keçirilməsi şübhəsiz ki, bu tədbirin səviyyəsini daha da yüksəldir və istehsalçı və istehlakçının maraqlarını bir araya gətirmək üçün gözəl imkan sayılır.

 

Sərgilərin prioritet vəzifəsi sağlamlıq və gözəllik üçün nəzərdə tutulmuş məhsulların maksimal olaraq bütün spektrini təqdim etməkdir. Sağlamlıq hər bir insan üçün ən başlıca dəyərdir. Məhz buna görə də, bu sərgilərin aktuallığına bu gün heç bir şübhə ola bilməz. Müxtəlif tibb sahələrini təmsil edən mütəxəssislərin maraqlarının kəsişmə nöqtəsi olan “BIHE” sərgisi, onların birbaşa ünsiyyət qurması, xəstəliklərin diaqnostikası, müalicəsi, profilaktikası üzrə aparıcı metodikaların tətbiqi sahəsində təcrübə mübadiləsi aparması, səhiyyə işçilərinin tibb sahəsinin Azərbaycan və xaricdəki vəziyyəti və inkişaf istiqamətləri haqqında məlumatlandırılması üçün geniş imkanlar təqdim edir. Sərgi öz işini 15 oktyabr tarixində bitirəcəkdir.




PARTNYORLAR




www.mbask.az

VALYUTA MƏZƏNNƏSİ
  29/01/2023 30/01/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BIHE Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek