Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия











Azərbaycanın paytaxtında illik Azərbaycan beynəlxalq “Səhiyyə” sərgisi (“BIHE-2012”) öz işinə başladı. Sərgi təsis edildiyi gündən bəri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilir və Azərbaycan Stomatoloqlar Assosiasiyası (ASA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir.

Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev, Azərbaycan Stomatoloqlar Assosiasiyasının prezidenti Rəna Əliyeva, “Iteca Caspian LLC” şirkətinin icraçı direktoru Fərid Məmmədov, habelə xarici ölkələrin fövqəladə və səlahiyyətli səfirləri, iştirakçılar, ziyarətçilər və çoxsaylı KİV nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev sərginin rəsmi açılış mərasimində çıxış edərkən bildirmişdir ki: “Azərbaycanda səhiyyə məsələlərinə çox böyük diqqət yetirilir. Son yeddi ildə ölkədə 450-yə yaxın səhiyyə müəssisəsi və müalicə-diaqnostika mərkəzi inşa edilmiş və ya əsaslı surətdə təmir edilmişdir, bunların 300-ü isə Azərbaycanın rayonlarında yerləşir. Tibb və sağlamlıq sahəsində ölkədə qəbul edilmiş bir sıra dövlət proqramı səhiyyə sisteminin maddi-texniki bazasının genişlənməsinə kömək etmiş, müasir tibb avadanlığı və ən yeni əczaçılıq məhsullarına tələbatın yaranmasına səbəb olmuşdur. Həmçinin, kadrların hazırlanmasına da xüsusi diqqət yetirilir və Avropa standartları əsasında həkimlərin sertifikatlaşdırılması həyata keçirilir. Bu cür şəraitdə ixtisaslaşdırılmış tibb sərgisinin keçirilməsi çox vacibdir. İldən-ilə sərgidə xarici şirkətlərin Azərbaycan müalicə müəssisələri ilə əməkdaşlıq etmək marağı müşahidə olunur, iştirakçıların sayı artır və bu sahənin peşəkarları arasında görüşlər və fikir mübadiləsi aparılır”.

Öz növbəsində, Azərbaycan Stomatoloqlar Assosiasiyasının prezidenti Rəna Əliyeva qeyd etmişdir ki: “- Stomatologiya həmişə səhiyyənin qabaqcıl və müasir elmi-texniki nailiyyətlərə ən çevik münasibət bildirən istiqaməti olmuşdur. “BIHE” və “Stomatology Azerbaijan-2012” sərgilərinin keçirilməsinin əhəmiyyəti şübhəsizdir. Regionun ən böyük tibb sərgiləri olmaqla, həm “BIHE”, həm də “Stomatology Azerbaijan-2012” uzun illərdir ki, öz yüksək statusunu sübuta yetirir və bu, iştirakçılar və ziyarətçilərin sayının artması ilə təsdiq olunur”.

“Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə sərginin keçirilməsinə kömək etdiyinə görə öz təşəkkürünü bildirmiş və qeyd etmişdir ki: “- Bu il Azərbaycan, Belçika, Rusiya, İran, Belarus, Türkiyə və Banqladeş də daxil olmaqla 16 ölkədən 107 iştirakçı bir meydançada toplaşmışdır. “BIHE” eksponentlərinin 40%-ni yerli, 60%-ni isə əcnəbi iştirakçılar təşkil edir.”

Sərgi çərçivəsində ziyarətçilər tibb sahəsində ən yeni texnologiyalar, tibb məhsullarının və xidmətlərinin geniş spektri, tibbi və laboratoriya avadanlıqları, əczaçılıq preparatları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, tibbi mebel, klinikalar üçün dünyanın aparıcı istehsalçılarının proqram təminatı ilə tanış ola biləcəklər.

“BIHE-2012” sərgisinin fərqləndirici xüsusiyyəti klinika müəssisələrinin geniş ekspozisiyasından ibarətdir. Bu bölmədə Türkiyə təmsilçiləri böyük fəallıq göstərirlər. Belə ki, sərgidə Türkiyənin 5 müalicə və diaqnostika müəssisəsi iştirak edir. Bundan başqa, sərginin tarixində ilk dəfə Türkiyənin bir çox klinikalarının üzvü olduqları Türkiyə Xarici İqtisadi Əlaqələr Komitəsi ayrıca stendlə iştirak edir. Bu il Belçikanın aparıcı xəstəxanaları tərəfindən yaradılmış və beynəlxalq səviyyədə əməkdaşlığa cavabdeh olan “Healthcare Belgium” şirkəti sərgidə ilk dəfə iştirak edir.

Sərginin pavilyonlarında bu sahənin peşəkarları və sıravi ziyarətçilər dövlət tibb müəssisələrinin və təşkilatlarının nümayəndələri, tibbi avadanlıq və məmulatların istehsalçıları, fəaliyyətdə olan həkimlər və tibb sənayesinin mütəxəssisləri ilə görüşə biləcəklər.

“BIHE” sərgisi ilə yanaşı, sentyabr ayının 27-dən 29-dək 7-ci Azərbaycan beynəlxalq “Stomatologiya” (“Stomatology Azerbaijan-2012”) və 6-cı Azərbaycan beynəlxalq “Gözəllik və estetik tibb” (“Beauty Azerbaijan-2012”) sərgiləri işə başlamışdır.

“BIHE” sərgisinin artıq 6 il ərzində layiq görüldüyü Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanı beynəlxalq sərgi standartlarına uyğunluğu təsdiqləməklə, sərginin yüksək statusunu əks etdirir.

Sərginin sponsoru “HB Co Ltd.” şirkətidir. Sərginin təşkilatçıları “Iteca Caspian LLC” şirkəti və onun tərəfdaşı - “ITE Group plc” şirkətidir. 2012-ci ilin beynəlxalq sərgi və konfranslarının tərəfdaşları qismində “Nar Mobile” mobil operatoru (kommunikasiya tərəfdaşı), “AZAL” şirkəti (rəsmi hava daşıyıcısı), “Hilton Baku” və “Qafqaz Poynt Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “Greenwich Travel Club” (rəsmi tur operator) çıxış edirlər.




BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SPONSOR
HB
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  29/01/2023 30/01/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



BIHE Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek